Həyatı Çarlz Darvin 1809-cu il fevral ayının 12-də Şrusberi şəhərində həkim ailəsində anadan olmuşdur. Darvin anasını erkən yaşında itirmişdir. Edinburq Universitetində Tibb üzrə təhsil almışdır, lakin öz istəyi olmadığı üçün yarımçıq qoymuşdur. Daha sonra 1827-ci ildə Kembric Universitetinin İlahiyyat fakultəsinə daxil olmuşdur. Universiteti qurtaran kimi 1831-ci il dekabrın 27-də "Biql" gəmisində təbiətşunas kimi səyahətə çıxmışdır. Səyahət zamanı Qalapaqos adalarında, Tenerife adasında, Kokos adalarında, Braziliya sahillərində, Argentinada, Uruqvayda, Odlu torpaqda, Tasmaniyada olmuşdur. Darvinin son xarici səyahəti (ondan sonra Darvin heç zaman İngiltərəni tərk etməmişdir) 1836-cı ilin oktyabrında sona yetdi.
O, səyahətinin nəticələrini 1839-ci ildə "The Journal of a Naturalist", 1840-ci ildə "Zoology of the Voyage on the Beagle", 1842-ci ildə "The Structure and Distribution of Coral Reefs" və s. əsərlərində nəşr etdirmişdir.
1838-1841-ci illərdə London Geologiya Cəmiyyətinin katibi olmuşdur. 1839-cu ilin yanvarında Kral Cəmiyyətinin üzvü seçilmişdir. 1842-ci ildə növlərin mənşəyi haqqında ilk oçerkini yazmışdır. Darvin öz əsərlərini yazarkən ingilis təbiətşunası və geoloqu A. Layleylə, amerikan botaniki A. Qreemlə yazışmış, müzakirə aparmışdır. "Növlərin mənşəyi" əsərini yazarkən fikirləri ingilis təbiətşunası A. Uollesin fikirləri ilə çox yaxın olduğundan onların bəzilərindən istifadə etmişdir. A. Uolles və Darvin bir-birindən asılı olmadan növlərin müxtəlifliyi haqqında eyni cür fikirləşmişlər.
1858-ci il iyulun 1-də Qrey, Layley və Hukerin dəstəyi ilə Darvin öz "Təbii seçmə yolu ilə növlərin əmələ gəlməsi və ya Yaşama uğrunda mübarizədə əlverişli fərdlərin saxlanması" (On the Origin of Species by Means of Natural Selection, or the Preservation of Favoured Races in the Struggle for Life) əsərini Londonda Linyen cəmiyyətinə təqdim etdi. 1859-cu ilin noyabrında həmin əsəri nəşr etdirdi.
1868-ci ildə ikinci kitab "Mədəni bitkilərin və ev heyvanlarının mənşəyi" (The Variation of Animals and Plant under Domestification) nəşr olundu.
Çarlz Darvin 1854
1871-ci ildə Darvinin daha bir kitabı "İnsanın mənşəyi və cinsi seçmə" (The Descent of Man, and Selection in Relation to Sex) nəşr olundu.
Darvin dəfələrlə Böyük Britaniyanın və digər Avropa ölkələrinin elmi cəmiyyətlərinin mükafatlarına layiq görülmüşdür.
Çarlz Robert Darvin 1882-ci il aprel ayının 19-da uzun sürən xəstəlikdən sonra Daunda vəfat etmişdir. Vestminster abbatlığında (Westminster Abbey) dəfn olunmuşdur.