My site
Home | Sign Up | Log In

Blog


Home » 2012 » Avqust » 26 » Müşfiq XAN - Müəmmalı Yanğın
9:29 PM
Müşfiq XAN - Müəmmalı Yanğın
 
 
MÜŞFİQ XAN
 
"Müəmmalı yanğın”

 
 
PERSONAJLAR

1. Məktəb direktoru – Cəlil müəllim
2. Məktəb psixoloqu – Qurban müəllim
3. İbtidai hərbi hazırlıq müəllimi – Fikrət müəllim
4. Məktəbin təsərrüfat işləri üzrə müdiri – Becan kişi
... 5. Məktəbi yandıran şagird – Sərvər
6. Davakarlar sinfinin şagirdləri – Anar, Nurlan, Tağı, Paşa, Sərvər, Ayşən, Gülnar, Əfsanə
 
 

Müəmmalı yanğın

Oğul mənimdir əgər,
oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər,
oxutmuram, əl çəkin! M.Ə.Sabir

 
Havalar dəyişmişdi. Soyuqların özünü yetirməsi qışa hələ də tam hazır olmayan kənd sakinlərini məyus edirdi. Artıq dekabr ayının ilk ongünlüyü geridə qalmışdı. Hamı gücü çatdığı qədər tədarük etməyə çalışır, kəskin şaxtalı havalardan qorunmaq üçün evlərinin istilik məsələlərini qaydasına salmağa çalışırdılar. Çünki ucqar dağ rayonunda yerləşən bu kəndin camaatı belə çətinliklərlə ötən illərdə çox rastlaşmışdılar. Hər yanda olduğu kimi kəndin mərkəzində yerləşən əsas məktəbdə də qışa hazırlıq gedirdi. Məktəb direktoru Cəlil müəllim dünən xəbərlər verilişində hava haqqında eşitdiklərindən sonra əməlli-başlı təşvişə düşmüşdü. Həmişəki kimi məktəbin istilik şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni edirdi. Elə indi də bu fikirlərə qərq olmuşdu ki, məktəbin təsərrüfat müdiri Becan kişi icazə alaraq kabinetə daxil oldu:
– Cəlil müəllim, məktəb üçün istədiyimiz odunu gətirdilər.
– Ay səni şad xəbər olasan. Bax bu, lap yerinə düşdü – direktor bunu deyib məktəbin həyətinə tərəf getdi. Becan kişi də onun arxasınca çıxdı.
– Becan kişi, solyarkamız qalıb?
– Bəli, Cəlil müəllim, hələ ki, iyirmi butulka var.
– Bir litrlik?
– Beşi bir litrlik, qalanı isə iki litrlikdir.
– Yaxşı, sən şagirdlərmizdən bir neçəsinə çağır gəlib odunları anbara yığmaq üçün kömək etsinlər.
 
 *** *** ***
 
Bir saat keçmədi ki, şagirdlər gətirilən odunlar anbara yığıb qurtardılar. Deyəsən Becan kişi də onların işindən çox razı qalmışdı. Zarafatca uşaqlara səsləndi:
– Uşaqlar çox sağ olun. Halal olsun! Mən elə bilirdim siz dərs oxumağı
bacarmadığınız kimi iş görməyi də bacarmazsınız.
– Yox, Becan dayı, nə danışırsan?! Biz cin kimi uşaqlarıq! – hamıdan cüssəli olan Nurlan dilləndi. Sinfin digər şagirdi Anar sinifdə olduğu kimi indi də söz atmadan dayana bilmədi:
– Becan dayı, baxma ki, dərs oxumuruq. Amma görürsən gücümüz-qüvvətimiz yerindədir. – Sərvər, gəl bala, gəl anbarın qapısını bağlayaq. Becan kişi bunu deyib anbardan hamıdan axırda çıxan şagirdə səsləndi. Sərvərin qarnını tutduğunu görüb narahat oldu:
– Nə olub sənə bala? Qarnın ağrıyır?
– Hə, bir az – Sərvər dilləndi.
– Gedək mənim otağıma sizə çay verim, bədəniniz qızışsın.
 
 *** *** ***
 
Məktəbdə sonuncu dərs-bitər bitməz bir qrup şagird qapının ağzında göründə. Onlardan bir nəfər qız dilləndi:
– Bu gün də belə canımız qurtardı! Nə qədər məktəb olar?! Gəl-get...
– Düz deyirsən Ayşən. Biz də bezmişik! Bəlkə sabah heç birimiz məktəbə gəlməyək? – Tağı öz maraqlı təşəbbüsünü yanındakılara bildirdi.
– Hə, əla fikirdir! – Paşa da düşünmədən sevincək dilləndi.
– Bəs, Nurlangil niyə heç nə demir? Sərvər, Anar... Siz də danışın da – Ayşən israr etdi.
– Əşşi, icazəsiz neçə gün qalcaqsan ki?! Bir gün, iki gün sonra?! – Sərvar qaşqabağını
tökdü.
– Hə, əlbəttə, Sərvər düz deyir. Bu işə birdəfəlik əncam çəkmək lazımdır – nəhayət ən sakit hesab olunan Gülnar da dil açdı.
– Sabah məktəbə gəlməliyik uşaqlar. Deyirlər ya bu gün, ya da sabah qar yağacaq axı. Qartopu oynayarıq – Əfsanə sinif yoldaşlarının heç biri ilə razılaşmayıb öz fikrini bildirdi.
 
 *** *** ***
 
Axşama yaxın baş vermiş hadisə demək olar ki, bütün kəndə yayıldı. Kənddə yeganə təhsil ocağı olan Cəlil müəllimin direktor olduğu məktəbdə yanğın baş vermişdi. Yaxşı ki, məktəbin lap yanında yaşayan Becan kişi vaxtında xəbər tutub yanğınsöndürənlərə xəbər verə bilmişdi. Yoxsa birinci mərtəbədə davakar şagirdlərin sinfi kimi tanınan dərs otağı tərəfdən başlayan yanğın bütün məktəbi yararsız hala sala bilərdi. Bura Ayşəngilin sinfi idi. Yanğının söndürülməsində kənd sakinləri də xeyli kömək göstərdilər. Hamı üçün maraqlı olan məsələ bu yanğının necə baş verməsi idi. Axşam olmasına baxmayaraq kənd sakinləri evinə getmək istəmirdilər. Nəhayət, Cəlil müəllim onların qarşısına çıxdı:
– Camaat, sağ olun, əsas məsələ o idi ki, məktəbi söndürə bildik. Bundan sonrası sizin işiniz deyil. Xahiş edirəm, siz də evlərinizə gedib dincəlin. Direktorun müraciətindən sonra kənd sakinləri yavaş-yavaş dağlışmağa başladılar. Cəlil müəllim onları yola salsa da özünə də bu yanğının necə baş verməsi çox müəmmalı və maraqlı gəlirdi. Çünki yanğını söndürməyə gələn idarənin işçiləri yanğının qısaqapanma nəticəsində baş verdiyindən şübhələndiklərini demişdilər. Cəlil müəllim yanğının baş verdiyi və ona qonşu otaqlarda elektrik xətlərinin nasaz olduğunu bildiyi üçün bununla razılaşdı. Amma daxildən yenə də bir səs ona bu hadisənin qısaqapanma nəticəsində baş vermədiyini pıçıldayırdı...
 
 *** *** ***
 
Yeni açılan səhər kənd əhalisinin əhvalına nəzərə çarpacaq dərəcədə yaxşə təsir bağışlamışdı. Ötən gündən fərqli olaraq bu gün hava daha sakit və mülayim idi. Hər evdə olduğu kimi Cəlil müəllimin məktəbində də bütün işçilər bu fürsəti yaxşı dəyərləndirməyə çalışır, havanın xoş olmasından istifadə edib yarımçıq qalan qış tədarüklərini tamamlamağa çalışırdılar. Amma hələ də dünən baş verən yanğından sonra yaranan işlər bitmək bilmirdi. Becan kişi anbarı açıb yeni gətirilən solyarka butulkalarını içəri yığmağa başlayırdı. Yaşının altmışı ötməsinə baxmayaraq öz işində həmişə diqqətli olmağa çalışan bu yaşlı təsərrüfat müdiri yeni gətirilən solyarka butulkalarını köhnələrinin yanına yığarkən gözlərinə inanmadı. Şüşələrdən ikisi əskik idi. Dünən saydığına görə burada beş bir litrlik solyarka dolu butulka olmalı idisə, indi bunlardan cəmi üçü qalırdı. Qalanı iki litrlik qablar idi. İşini cəld yekunlaşdırıb, adəti üzrə anbarı qıfıllayaraq tələsik direktorun yanına yüyürdü.
– Axı, bu necə ola bilər Becan kişi?! Sən anbarı bağlı qoymursan? – məsələdən hali olan direktor təəccüblə soruşdu.
– Hərdən iş gedəndə açıq qalır. Ola bilsin ki, kimsə içəri girib götürüb...
– Bundan sonra oranı heç vax açıq qoyma! Mən özüm maraqlanaram, sən get. Hə, Qurban müəllimə de gəlsin, lap başımı itirdim. Fikrət müəllimi də çağırsınlar.
– Yaxşı.
 
 *** *** ***
 
– Qurban müəllim, başımıza gələnləri görürsüz də?! – direktor psixoloqun içəri girdiyini görcək gileyləndi.
Qurban müəllim təxminən on ay əvvəl rayon mərkəzindən bu kənd məktəbinə psixoloq vəzifəsinə təyin edilmişdi. Gələndən də şagirdlərlə yaxından tanış olmuş, onları problemlərini öyrənməyə çalışmışdı.
– Dünən yanğın, bu gün oğurluq... Məktəb dağılıb gedirmiş, xəbərimiz yox imiş... – psixoloqun susduğunu görən Cəlil müəllim yenidən öz fikrini bildirdi.
– Hə, Becan kişi solyarka oğurlandığını dedi. Mən şübhələndiyim şagirdlərlə fərdi danışmağa çalışaram.
– Xahiş edirəm, bu gün məsələni həll edin. Yoxsa sonra belə halların qabağını ala bilmərik.
– Yəqin fakültativ məşğələlərlə bağlı çağırmısız məni? – məktəbin ibtidai hərbi hazırlıq müəllimi Fikrət müəllim söhbətə qarışdı.
– Hə, ona görə çağırmışam. Bu uşaqlar iştirak edir məşğələlərdə. Görürsən də, dünən baş verən yanğın dərs vaxtı olsaydı vəziyyətimiz pis ola bilərdi. Heç olmazsa, şagirdlər belə hadisələrdə ilkin tədbirləri bilirlər?
– İnanırsız, iki-üç əvvəl yanğın mövzusunda da məşğələmiz olmuşdu. Yaxşı sual- cavablarımız da oldu. Bircə o davakarların sinfi heç bir dediklərimi yazmırlar. Onlara kitabça da vermişəm ki, məlumatları oradan oxusunlar. Amma ki, faydası yoxdur.
– Heç kim maraq göstərmir o sinifdən? – direktor xəbər aldı.
– Son dərslərdə Sərvər adlı şagirdi çıxsaq qalanları boş-boş gəlib gedir.
– Sərvər?! – psixoloq təəccübləndiyini gizlətmədi.
– Bəli, axırıncı dəfə çox yaxşı hazırlaşmışdı məşğələnin mövzusuna.
– Hə, mənə də qəribə gəldi onun yaxşı hazırlaşması. Yəqin adam olur yavaş- yavaş. Fikrət müəllim çalışın ki, o sinifdə digər şagirdlər də ən azı Sərvər kimi çalışmağa başlasınlar – direktor tövsiyyəsini bildirdi.
– Oldu, Cəlil müəllim.
 
 *** *** ***
 
Məktəb psixoloqu Qurban müəllim direktorun otağından ayrılandan sonra solyarka məsələsi ilə bağlı şübhələndiyi şagirdlərlə fərdi söhbət etməyə qərar verdi. Əvvəlcə davakarların sinfində oxuyan bir neçə şagird ilə tək-tək görüşdü.
– Nurlan gəl, sənin növbəndir! – Ayşən istehza ilə dilləndi.
Psixoloq Nurlana cəmi bir sual vedi:
– Dərsə gəlməmək təklifini kim verib dünən?
– Müəllim, mənim xəbərim yoxdur. Mən ki, dərsə gəlmişəm! Tağıgil isə bu gün gəlməyiblər.
– Yaxşı, çıxa bilərsən! Sərvəri çağır.
Qurban müəllim onu da çox sorğu-sual etmədi:
– Sərvər, afərin sənə! Fikrət müəllim səni bu gün çox təriflədi. Sən belə nazik jaketlə gəlmisən məktəbə?
– Bəli, kurtkamı anam yumuşdu. Amma bu günə qurumadı.
– Sonra da deyirsən "qarnım ağrıyır”! – Qurban müəllim bayaqları uşaqlar haqqında Becan kişidən öyrəndiklərinə əsasən fikir yürütdü.
– Siz hardan bilirsiniz?
– Elə bilirsən sizdən xəbərim yoxdur?! Yaxşı sən də get dərsinə - psixoloq onu da yola saldı. Amma hiss etdi ki, Sərvər qızardı. Qurban müəllim elə indicə öz diqqəti sayəsində daha bir şeyə əmin ola bilmişdi. O, artıq dünən məktəbdə baş verən yanğının şagirdlər tərəfindən törədildiyini bilirdi. Özü də həmin şagird Nurlangilin sinfində oxuyurdu.
 
 *** *** ***
 
Qapının döyülməsindən və direktorun "buyurun” sözlərindən sonra məktəb psixoloqu Qurban müəllim kabinetə daxil oldu.
– Cəlil müəllim, siz dünən xahiş etdiniz ki, yanğınla bağlı mən də maraqlanım. Mən yanğını törədən həmin adamı tapdım.
Direktor oturduğu yerdən dik qalxdı:
– Siz nə danışırsız?!
– Bəli, həm də o bizim şagirddir! Sərvər...
– Sərvər?! Bizim şagird?! Bayaq Fikrət müəllim deyən?! – direktor sözlərini qarışdırdı. Özünü itirmişdi. Nə deyəcəyini bilmirdi.
– Bəli, həmin şagird... – Qurban müəllim təsdiqlədi.
– Axı, niyə?! Necə edib bunu? Məlumatınız var?
"Hadisə belə olub” deyə psixoloq sözə başladı. Mən Sərvəri də, onun atasını da yaxşı tanıyıram. Hətta sentyabrdan bəri onunla bir neçə dəfə Sərvərlə bağlı görüşmüşük də. Hər dəfə də eyni sözü deyir... "Ay Qurban müəllim, sən bu kəndə təzə gəlibsən. Adət-ənənələrimizi bilmirsən. Mən özüm şofer adamam. İcazə verin Sərvər də mənim yanımda qalıb kömək eləsin. Sənəd-sünəd məsələlərini özünüz həll edərsiz də. Onsuz da uşaq bu il doqquzuncu sinfi bitirir. Vallah, hər gün mənə yalvarır ki, ata məni məktəbə qoyma. İndi siz də kömək edin, bu uşaq bir işə yarasın. Onsuz da bu yaşdan sonra ondan oxuyan çıxmaz. Qoy gəlib yanımda şoferliyi öyrənsiz. Həm də, oğul mənim deyil, mən oxutmaq istəmirəm də... Qurban olum sizə, əl çəkin! Balanızı istəmirəm, balama da dəyməyin!” Bax, mən bu Sərvəri və onun atasını belə tanıyırdım – deyə Qurban müəllim söhbətinə davam etdi. Amma bayaq Fikrət müəllim deyəndə ki, Sərvər iki-üç əvvəl fakültətiv məşğələnin dərslərinə yaxşı hazırlaşıb, doğrusu çaşıb qaldım. Yəqin siz də hiss etdiniz. Sizin otaqdan çıxandan sonra da Fikrət müəllimlə Sərvər barəsində söhbət etdim. Dünənki yanğınla bağlı ondan şübhələnməyə başladım. Çünki, iki-üç gün əvvəl Sərvərin yaxşı hazırlaşdığı mövzu rayonun Fövqəladə Hallar İdarəsinin iş fəaliyyəti və uğurları ilə bağlı olub. Yəqin ki, məktəbi yandırıb dərslərin təxirə düşməsini planlaşdıran şagird buna çoxdan hazırlaşırmış. Və məktəbdə yanğın olarsa yanğını söndürməyə gələn ən yaxın məntəqə haqqında məlumatı Fikrət müəllimin onlara verdiyi kitabçadan öyrənə bilib. Fikrət müəllim də həmin mövzunu səhəri gün soruşanda heç nədən başı çıxmayan adam necə ki, bir şeyi biləndə başlayır bül-bül kimi cəh-cəh vurmağa, Sərvər də eləcə. Yəni ki, dünən öz planı üçün öyrəndiklərini əvvəlcə nəzəri, sonra praktik baxımdan tətbiq edib. Əgər belə demək mümkündürsə... Qurban müəllim bunu deyib hirslə gülməyə başladı.
– Vay səni, nacins! Vay! – direktor da sakit qala bilməyib yumruğunu stolun üstünə çırpdı.
Becan kişinin anbarından solyarkanı da Sərvər götürüb. Özü də bu dünən onlar odun daşıyanda olub – psixoloq daha bir açıqlama verdi. Hiss edirdi ki, sonuncu cümləsindən sonra direktor gözlərini bərəltməyə başlamışdı. Mən Becan kişidən sonuncu dəfə butulkaları nə vaxt saydığını soruşanda o dünən Sərvərgil orada işləyənə qədər hamısının yerində olduğunu bildirdi. Həm də öyrəndim ki, dünən Sərvərin mədəsi ağrıyırmış. Əgər belə idisə, həmişə xırda məsələləri bəhanə edib dərsə gəlməyən Sərvər bu gün də qarınağrısı bəhanəsi ilə gəlməməli idi. Hətta onun sinif yoldaşları dünən bu gün üçün dərsə gəlməmək haqqında razılığa da gəliblər. Sərvər isə bu gün nazik jaket ilə dərsə gəlib. Çünki dünən anbardan çıxarkən iki ədəd bir litrlik solyarka butulkasını kurtkasının içinə qoyaraq qarınağrısı bəhanəsi ilə oradan çıxara bilmişdi. Mən bayaq onları ayrı-ayrı danışdırarkən Sərvərin jaketindəki kiçik yağ ləkəsini də gördüm. Görünür bu ləkə jaketin nisbətən arxa tərəfində olduğu üçün Sərvər onu görməyib. Yoxsa, çox yəqin ki, onu da evdə qoyub gələrdi. Bütün bunlardan başqa mən səhər hamı işə gəlməmişdən əvvəl dünən axşam Sərvərin burada törətdiyi yanğın üçün istifadə etdiyi həmin solyarka butulkalarını da boş vəziyyətdə hadisə baş verən yerə yaxın ərazidə tapdım. Bu isə bir daha sübutdur...
 
*** *** ***
 
 – Sərvər, bunu nə üçün etdin?! – direktor öz otağına çağırdığı şagirdə artıq ikinci dəfə eyni sualı verdi.
– Məktəbi mən yandırmamışam!.. – nəhayət başını dikəldib gec də olsa cavab verdi.
– Bəs solyarka butulkaları, jaketindəki yağ ləkəsi, dərsə hazırlaşmağın... – direktor bayaq psixoloqun dediklərini təkrarladı.
– Kibriti də, Becan dayıgilin qonşuluğunda olan mağazadan alıbsan. Biz bunu da bilirik! – psixoloq söhbətə qarışaraq söz atdı.
– Heç orada spiçka satırlar ki?! – Sərvər dodaqlarını büzüb istehza ilə dilləndi.
– Doğrudur, orada "spiçka” satmırlar, amma sən bunu hardan bilirsən və kibrit sənin nəyinə lazım idi həmin gün?! – təcrübəli psixoloq onu ilişdirdi.
– Xahiş edirəm, məni polisə verməyin... Mən peşman olmuşam... – Sərvər tutduğu pis işinin üstünün açıldığını görüb ağlamağa, sonra isə yalvarmağa başladı... Məktəbin direktoru isə artıq Sərvərin atasını və kəndin asayiş polisini çağırtdırmışdı. Yəqin ki, öz şagirdinin bu pis əməli hələ uzun illər Cəlil müəllimin yaddaşlarından silinməyəcəkdi...
Category: Müşviq XAN | Views: 1414 | Added by: Pasa_007 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Sign Up | Log In ]

Site menu

Log In

Search

Calendar

«  Avqust 2012  »
Ba.B.e.Ç.a.Ç.C.a.C.Şə.
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Statistics


Total online: 3
Guests: 3
Users: 0
Copyright MyCorp © 2024 | Create a free website with uCoz