Puerto-Riko İnteramarikan Universitetinin tədqiqatçıları ətraf mühiti civədən təmizləyə bilən bakteriya yarada biliblər. Hər il minlərlə ton zəhərli (toksik) civə ətraf mühitə yayılır. Civə ən çox çökmə süxurlarda toplanır. Hansı ki, sonrakı mərhələdə zəhərli metil-civə formalaşaraq balıq vasitəsilə qida zəncirinə düşür. Sonra isə balıq vasitəsilə bizə daxil olur... Biotexnoloqlar tərəfindən yaradılan yeni bakteriyalara ya siçan geni sayılan metallotionin (kiçik zülaldır; ion daşıyıcı və detoksikasiya üçün vacibdir), ya da ki, bakterial gen sayılan polifosfatkinaza daxildir. Hər iki bakterial ştamm yüksək konsentrasiyalı civə olan mühitdə çoxala bilirlər (120 µM). Alimlər öz transgen bakteriyalarını yoxlamadan keçirmək üçün metallotionin məhlulunda çoxaldıblar. Bu mühitdə civənin dozası normadan 24 dəfə artıq olduğu üçün istənilən digər bakteriya bu mühitdə məhv olur. Bundan əlavə məlum oldu ki, bakteriyalar çoxalmadan əlavə, 5 gün ərzində 80% civəni məhluldan xaric ediblər. Tədqiqat başçısı Doktor Ruis qeyd edir ki; "Biz bakteriyaya ətraf mühitdən ağır metalı təmizləməyə kömək edən molekul daxil etməklə, civənin bioloji üsulla təmizlənməsi üçün əsas vasitə ortaya qoymuş olduq. Bu üsul torpaq və sudan civəni təmizləməkdən əlavə, QM-bakteriyaların daxilində toplanan civəni istifadə üçün yenidən toplamağa kömək edir"
|