My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Azərbaycan. » Bura Azərbaycandır! » Qarabağ Qazisi.
Qarabağ Qazisi.
Pasa_007Date: Bazar, 2012-07-22, 4:01 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
“YUXULARIMDA TEZ-TEZ AYAQLARIMI GÖRÜRƏM”
Bəhruz Camalov: “Minaya düşdüyüm yerləri ziyarət etmək arzusundayam” 1992-ci ilin 13 iyunu çətin ki, onun yaddaşından silinsin. Dəhşətli partlayışdan möcüzə nəticəsində salamat qurtulsa da, həmin gündən yarımcan ömür yaşamaq ağırlığını daşımalı olub bizim qəhrəmanımız. O gündən 16 ildir ki, gözləri Qarabağda itirdiyi ayaqlarını gəzir Bəhruz Camalovun... Ağdamın Seyidli kəndində anadan olan Bəhruz bəy 1991-ci ilədək bir müddət Qazaxıstanda və Rusiyada yaşayıb, bizneslə məşğul olub. Ancaq var-dövlət onun Qarabağ döyüşlərinə qatılan yolunu kəsə bilməyib. Həm də döyüşçü yoldaşları arasında “PK Rövşən” kimi məşhur olan, bu gün Şəhidlər Xiyabanında uyuyan şəhid qardaşının qanını almağa tələsib Bəhruz bəy. Odur ki, Milli Qəhrəman Şirin Mirzəyevin batalyonuna yazılıb və düşmənə qarşı döyüşlərə qatılıb. Ağdərə uğrunda əməliyyatlarda iştirak edib. Kiçan kəndinin Ballıqaya deyilən ərazisində isə ağır yaralanıb. Həmin günü belə xatırlayır: “İdarə elədiyim ”QAZ 66" markalı maşınla döyüş sursatı daşıyırdım. Xankəndinə 4-5 kilometr yol qalmışdı. Qarşıda düşməndən alınmış kənddə bizim uşaqlar post qurmuşdular. Mən digər maşınlara mane olmamaqdan ötrü yolun bir hissəsi ilə onları keçib irəli çıxmaq istədim. Postda dayanmış əsgərləri görəndə əlimi qaldırıb onları salamladım. Maşın gölməçədən keçərkən qəfil partlayış qopdu. Nə baş verdiyini hiss eləmədim. Bircə onu gördüm ki, gözümün qabağından qara tüstü keçdi..." “9-cu gün bildim ki, ayaqlarım yoxdur” Yalnız təcili yardım maşınına qoyulanda ayılıb. İki gün Ağdam hospitalında saxlanılan B.Camalovun vəziyyəti ağır olduğundan Bakıya götürülüb: “Hospitalda yatdığım doqquzuncu gün bildim ki, ayaqlarım yoxdur. Hər dəfə uzanılı yerdə hərdən əllərimi ayağıma tərəf aparmaq istəsəm də, əlim qabağa getmirdi. Axı, çiynim də qırılmışdı, başımdan xəsarət almışdım. Bir gün yanıma gələn xalam çarpayımda ayaq tərəfimdə oturmaq istəyəndə heç bir söz deməyib diqqətlə fikir verdim. Baxdım ki, çarpayının ortasında oturdu və heç nə hiss eləmədim. O zaman başa düşdüm ki, artıq ayaqlarım yoxdur”. Qəti şəkildə deyir ki, həyatdan küsdüyü anları olmayıb: “Heç vaxt ”mən nə üçün yaşayıram" sualı beynimdən keçməyib. Baxmışam ki, hospitaldakı qol-qıçı olmayan uşaqların hamısı məndən kiçikdir. Bəzən əsgərlərin eləsi olub ki, yuxudan ayılıb çarpayıdan yerə düşüb gəzmək istəyib. Ancaq ayaqları olmadığından yıxılıb yerdə qalıb. Mənimsə birdəfəlik beynimə yazılıb ki, daha ayaqlarım yoxdur". Sözarası bildirir ki, ayaqlarını döyüş yoldaşları elə minaya düşdüyü yerdə basdırıblar. “Çox istəyirəm ki, minaya düşdüyüm yerə gedim, vaxtilə öz ayaqlarımla getdiyim yerlərə baş çəkim”, söyləyir. Ancaq itirdiyi ayaqları gözünün qabağından getmir: “Tez-tez yuxularımda öz ayaqlarımı görürəm. Görürəm ki, minaya düşdüyüm yerdə sərbəst gəzirəm...” Bu sözləri deyəndə səsinin tonu dəyişir. Bir müddət hamımız susuruq, kimsə danışmır. Yaralarının qaysağını qopardığım üçün özümü qınayıram. Deyəsən, qəlbimi oxuyur. Sükutu yenə özü pozur... “Təkayaqlılara həsəd aparıram” Döyüşə gedərkən cəmi bir ilmiş ki, evliymiş. Qarabağ döyüşçüsünü əli üstə gəzdirən onun fədakar həyat yoldaşı Könül xanım çox əziyyətlər çəksə də, bunu dilinə gətirmir, yalnız fəxarət duyur. İnamla bildirir ki, həyat yoldaşı heç zaman ona yük olmayıb: “Məni heç zaman yormur. Hər vaxt gözümün qabağına gəlir ki, o vətən, torpaq yolunda sağlamlığının bir hissəsini itirib. Həm də ailə-uşağa qarşı çox böyük məhəbbəti var. Ona görə də bir-birimizə bağlanmışıq. Bu səbəbdən ayaqlarının yoxluğu hiss olunmur”. Hərbi hospitalda yatdığı bir ildən artıq müddətdə həyat yoldaşının onun yanına gəlməsinə razılıq verməyib. “İstəmirdim ki, məni bu vəziyyətdə görsün”, deyir. Könül xanım ən çətin işlərdə Bəhruz bəyə yardımçı olur. Hətta Bərdəyə gedərkən “Oka”nın təkəri boşaldığı zaman bu fədakar xanım onu yenisi ilə əvəzləyib. Bunu da gülərək, ürəklə söyləyir: “Hər zaman onunla fəxr eləmişəm”. B.Camalovun ən böyük arzusu rahat, protezsiz-filansız öz ayaqları ilə gəzib-dolaşdığı illərə qayıtmaqdır. Ancaq onu da dərk edir ki, bu, heç zaman mümkün olmayacaq: “Bəzən hansısa problemlərlə üzləşəndə deyirəm nə olardı heç olmasa ayağımın biri yerində olaydı. Bu anlarda təkayaqlı insanlara həsəd aparıram”. “Pensiya heç nəyə çatmır” Bəs, döyüşçü ailəsi necə yaşayır? Cavabında bildirir ki, birinci dərəcəli əlil kimi 142 manat təqaüd alır: “Bu pensiya heç nəyə çatmır. Heç evin normal ərzağını ödəmir. Pensiya qalxmamış qiymət qalxır. Bu il 14 manat pensiyaya əlavə ediblər və 142 manata çatıb. Ona kimi ildə 5-6 manat artım olub. Dövlət müharibə əlillərinə qayğını artırsaydı çox yaxşı olardı. Müharibə əlillərinin düzgün siyahısı tutulmalı və onlar normal pensiya ilə təmin edilməlidir”. “Nə qədər pensiya alsanız normal şəkildə dolana bilərsiniz?” soruşuram. Cavabında belə deyir: “Normal dolanmaq üçün gərək 300-400 manat pensiya verilsin ki, evdə, ailə-uşağın yanında xəcalətli qalmayasan”. B.Camalov müharibə əlillərin güzəştlərinin ləğvini də düzgün saymır: “Verilən 142 manatla həm yaşamaq, həm də işıq, su, qaz pulunu ödəməkmi olar? Şəxsən mənim üst-üstə götürəndə kommunal xidmətlərə görə 1000 manata yaxın borcum var. Hətta 2004-cü ildə işığımızı kəsdilər, üç ay işıqsız qaldıq. Qalıq borcun bir hissəsini ödədik, sonra işıq verdilər”. Ailə heç ünvanlı sosial yardım da almır: “Mən özüm qaçqın deyiləm. Amma ailə-uşaq qaçqın kimi hər adama 9 manat məbləğində çörək pulu alır. Üstəlik də 5 manat uşaqpulu verilir. Aylıq gəlirimiz ancaq budur”. B.Camalov deyir ki, bu cür çətinliklərlə üz-üzə qalanda çox sarsılır: “Mənim işığımı borca görə kəsəndə qonum-qonşu, dost-tanış da görür axı. Hətta bəzən qınaq kimi ”bu da sənin dövlətin, müstəqilliyin, gedib uğrunda canını qoyduğun dövlət indi səni qaranlıqda saxlayır" deyirlər. Mən dövlətdən, millətdən incik deyiləm. Hər birimiz ana-bacımız uğrunda vuruşmuşuq. Ona görə də ağır anlarımda yalnız özümdən küsürəm". Etiraf edir ki, bütün günləri ev şəraitində keçirməsi onu çox sıxır. Sözarası bildirir ki, dövlətin əlillər üçün hansısa iş yerlərini açmasını istəyir: “Məsələn, kompüteri bilsəydim, hardasa işlərdim. Bizimçün kompüter kursu açılsa, öyrənərik və müəyyən işin qulpundan yapışarıq. Məncə, bizim kimi adamlar üçün oturaq iş yerləri yaratmaq olar. Yaxud nəyə görə Qarabağ döyüşçülərinə yardım fondu yaranmasın?” İki qız, bir oğul atasıdır Bəhruz bəy. Qızları Fatimə və Rövşanə 7-ci, şəhid əmisinin adını daşıyan Rövşən isə 3-cü sinfi bitirib. Övladlarından heç vaxt qınaqlar, gileylər eşitmədiyini bildirir: “Onlar mənim vətən uğrunda döyüşməyimlə fəxr edirlər”. Fatimə “hərbçi olmaq, vətəni qorumaq arzusundayam”, deyir. Atası əlavə edir: “Özü istəyirsə, mənim etirazım yoxdur”. 2331 nəfərdən biri Bu fədakar ailədən ayrılıb geri dönərkən Bəhruz bəy əlil arabasında yerini rahlayıb həyət darvazasınacan özü məni ötürür. Balaca bağçasının təqribən 10 metrliyində dalğalanan dənizin sahilində ayaq saxlayırıq. Sözarası deyir ki, gününün çoxu sahildə keçir: “Gəlirəm dənizlə dərdləşirəm, bir az yüngülləşib geri qayıdıram. O qədər danışırım ki, dənizlə. Düşünürəm ki, nə vaxta kimi dənizin qırağında durub danışacağam, nə zaman öz kəndimizə gedəcəyəm..?” Onu da qeyd edək ki, bu cür ağrılı tale yaşayan təkcə Bəhruz bəy deyil. O, Azərbaycanda minadan zərər çəkən 2331 nəfərdən (359 nəfərsə şəhid olub) biridir. Göründüyü kimi, böyük bir siyahıdan söhbət gedir. Ona görə də mina qurbanlarına, onların ailə üzvlərinə özəl qayğı gərəkdir. Düzdür, 2007-ci ilin mart ayında ABŞ-ın maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosasiyası (AMZA) yaradılıb. AMZA-nın strateji məqsədi ölkə üzrə minadan zərərçəkənləri və onların ailə üzvlərini vahid qurum ətrafında birləşdirməkdən, onların hüquqi müdafiəsini təmin etməkdən, sosial-iqtisadi, tibbi-psixoloji reabilitasiyasını gücləndirməkdən, bilik və bacarıqlarının artırılması yolu ilə mina qurbanlarını vətəndaş cəmiyyəti quruculuğu prosesinə cəlb etməkdən ibarətdir. Assosiasiyanın üzvlərinin peşə və ixtisasını artırmaq, müxtəlif sahələrdə onların bacarıqlarını təkmilləşdirmək, minadan zərərçəkənlərin və onların ailə üzvlərinin problemlərinin həlli üçün araşdırmalar aparmaq və s. vəzifələr də AMZA-nın fəaliyyətinin prioritet istiqamətlərindəndir. Digər tərəfdən, Beynəlxalq Avrasiya Mətbuat Fondu Avropa Komissiyasının maliyyə dəstəyi və ANAMA-nın təşəbbüsü ilə “Azərbaycanda Minadan zərərçəkənlərin ehtiyaclarının ödənilməsi” kimi bir neçə layihəni həyata keçirib. Bütün bunlar təqdirolunandır. Ancaq minadan zərər çəkənlər birbaşa dövlət qayğısı ilə əhatə olunmalıdır. Dövlət öz vətəndaşlarına sözün əsl mənasında sahib çıxmalı, onların həyata rabilitasiyası, problemlərinin həlli ilə məşğul olmalıdır. 50-10 milyon yetər ki... Elə iqtisadçı ekspert Qubad İbadoğlu da bu kateqoriyalı insanlara dövlət qayğısının artırılmasını zəruri sayır. Onun sözlərinə görə, araşdırma apararkən ölkədə əmək qabiliyyətli əhalinin minimum istehlak büdcəsinin 108 manat olduğu aydınlaşıb. Özü də bura səhiyyə xidmətləri daxil edilməyib. Əmək qailiyyətini itirən adamlar üçün Nazirlər Kabineti tərəfindən ayrıca istehlak səbətinin təsdiq olunmadığını qeyd edən iqtisadçı bildirir ki, bu kateqoriyalı insanların aylıq istehlak xərcləri əmək qabiliyyətli adamlarla müqayisədə daha çoxdur: “Çünki əlil olan şəxslərin müəyyən müalicə, dərman preparatları, dövrü müayinə ilə bağlı əlavə xərcləri yaranır. İndiki halda minimal səviyyədə təminat üçün bir nəfərə azı 150 manat pul lazımdır”. Q.İbadoğlu dövlətin bu kateqoriyalı adamların sosial vəziyyətini yaxşılaşdırmaqda heç bir probleminin olmadığı qənaətindədir: “Özü də ölkədə çoxlu sayda birinci, ikinci qrup əlillər yoxdur ki, böyük vəsait tələb olunsun. İldə hardasa 5-10 milyon manat pul xərcləməklə mövcud səviyyəni iki dəfə artıra bilərik. Bu da büdcənin heç bir faizini də eləmir”. Yazı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) “Minadan zərər çəkən insanların həyatı, yaşadıqları faciələr və onların problemləri” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur
 
Forum » Azərbaycan. » Bura Azərbaycandır! » Qarabağ Qazisi.
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz